Ötən il Azərbaycanda 36 min 811 cinayət qeydə alınıb, ağır və az ağır cinayətlər azalıb.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışında deyib.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Baş prokuror bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.
Həmçinin, əlavə edilib ki, 2023-cü ildə ölkə ərazisində 36.811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında istintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.