Bakıda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib

Bakıda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Daxili siyasət
14 Sentyabr , 2021 15:10
Bakıda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib

Bu gün Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun doğum günüdür.

"Report" xəbər verir ki, şəhidin 22-ci doğum günündə paytaxtın Xətai rayonunda xatirə lövhəsinin açılış mərasimi olub.

Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə dövlət himni səsləndirilib və Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin atası Vüqar Məmmədov oğlunun keçdiyi döyüş yolundan danışıb, aparılan siyasətin şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib.

Şəhidin anası Aygün Məmmədova deyib ki, K.Məmmədzadə Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində qəhrəmancasına vuruşub.

Vətən müharibəsinin sonuncu günü - noyabrın 9-u səhər saat 05 radələrində Şuşa istiqamətində gedən döyüşlərdə boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olub.

Şəhidin ailə üzvləri doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə təşəkkür edib.

Sonda məktəb şagirdlərinin ifasında şəhid K.Məmmədzadəyə həsr olunan hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Qeyd edək ki, K.Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olub. 2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. O, 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir.

Prezident İlham Əliyevin sərancamı ilə K.Məmmədzadə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. O, Saatlı rayonunun Minbaşıllı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi