Bakıda Avropa Paytaxt Polis Rəislərinin konfransı başlayıb

Bakıda Avropa Paytaxt Polis Rəislərinin konfransı başlayıb Konfransın sonunda birgə bəyannamə qəbul olunacaq
Daxili siyasət
28 Avqust , 2015 12:37
Bakıda Avropa Paytaxt Polis Rəislərinin konfransı başlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanda Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransı başlayıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 25 ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransın açılışında Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak ediblər.

R.Usubov paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunan tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, Azərbaycandakı kriminogen durum barədə ətraflı məlumat verib.

Həmçinin qeyd olunub ki, son on ildə 5 mindən çox nazirlik əməkdaşı BMT, NATO, Avropa Şurası və ATƏT-in təşkil etdiyi tədbirlərdə iştirak edib, təcrübə mübadiləsi aparılıb. Artıq onların bir çoxu xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələr də tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 94 beynəlxalq sənəd imzalanıb.

R.Usubov Avropa Paytaxt Polis Rəislərinin 37-ci Konfransında aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şərq və qərb sivilizasiyalarını, tarixiliyi və müasirliyi özündə əks etdirən qədim Bakı haqqında qısa məlumat verib. O, dövlət başçısının rəhbərliyi altında Azərbaycanda quruculuq işlərinin geniş vüsət aldığını, paytaxt Bakı şəhərinin simasının yeniləşdiyini, daha da gözəlləşdiyini, sözügedən inkişafın təməlində digər amillərlə bərabər, Azərbaycan vətəndaşlarının, ölkə qonaqlarının, burada yaşayan və işləyən əcnəbilərin təhlükəsizliyinə, bütövlükdə, Azərbaycanın tərəqqisinə xidmət edən sabitliyin dayandığını, bu sabitliyin əldə edilməsində polisin də böyük xidmətləri olduğunu vurğulayıb.

Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.

Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.

Tədbir çərçivəsində qonaqlar paytaxtın görməli yerləri, Azərbaycan xalqının qədim və zəngin adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Konfransın sonuncu günü iştirakçılar DİN-in "102", "Təhlükəsiz Şəhər" xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin Bakı Şəhər BPİ-yə baş çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi