Bakıda 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub.
"Report" xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına hörmət və sevgi hissinin aşılanmasından ibarətdir.
Əvvəlcə Azneft meydanında əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında "Şuşam" kamera xoru və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xor kollektivi tərəfindən Dövlət himnini səsləndirilib.
Daha sonra dövlət bayrağının rənglərindən ibarət helium şarların səmaya buraxılıb. Həmçinin Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələrdə ziyarətçilərə Azərbaycanın Dövlət bayrağı və bayraq formalı döş nişanları hədiyyə edilib.
Aksiya zamanı bayram abu-havası yaratmaq məqsədilə uşaqların üzləri (Face art) Azərbaycan bayrağının rənglərində boyanıb.
Qeyd edək ki, gün ərzində Dövlət Kukla Teatrının arxasındakı səhnədəki böyük monitorda Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək.