Yuxarı
    Bağlamaq

    Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi başa çatıb - YENİLƏNİB

    Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

    Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

    Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib.

    Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

    Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib. O, Azərbaycan xalqını idmançıların Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında qazanılan medallara görə təbrik edib. Təşkilat Komitəsinin sədri idmanın inkişafında ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısını vurğulayıb: "İnanıram ki, Bakı Şahmat Olimpiadası ərzində idmançılar şahmat taxtası arxasında mübarizə aparmaqdan əlavə, vaxt tapıb gözəl Bakı şəhərini də gəzəcəklər. İdman sahəsində Azərbaycanın bütün nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli liderinin uzaq görən siyasəti, qoyduğu təməl, bu gün öz bəhrəsini göstərməkdədir. Bu sayədə Azərbaycanda şahmatın inkişafı göz qarşısındadır. Şahmatçılarımız öz nailiyyətləri ilə xalqımızı sevindirməkdədir. Qazanılan nəticələr göz qabağındadır. İnanırıq ki, şahmatçılarımız xalqımızı sevindirməkdə davam edəcək".

    Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib. O, Azərbaycanda idmanın inkişafına ayrılan diqqətdən söz açıb və ölkədə keçirilmiş vacib idman yarışlarından danışıb: "Bakı şəhəri Azərbaycanın gəzməli, görməli yeridir. Şahmat olimpiadasının keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu olimpiadanın şahmat bayramı olacağına tam inanıram".

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

    Sonra 176 nağaraçının iştirakı ilə bayraqlarla parad nümayiş olunub.

    İştirakçı ölkələrin bayraqlarının paradı təşkil edilib. Kompleks dünya xəritəsinə çevriləcək və ritmik musiqi eləcə də 176 nağaraçının müşaiyəti ilə ölkələrin bayraqları tamaşaçılara təqdim edilib.

    Daha sonra ilk turda qara və ya ağ fiqurlarla oynayacaq komandaları müəyyənləşdirmək üçün baş hakim tərəfindən püşk atılıb.

    Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov içərisində qara və ya ağ fiqurun olduğu imitasiya olunmuş şahmat fiqurunun içərisindən iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən edib.

    Mərasim Azərbaycan musiqisinin 5 tanınmış nümayəndəsinin çıxışı ilə yekunlaşıb. Burada caz, rok və muğamın sintezində maraqlı musiqi nömrəsi canlandırılıb.


    ***19:24

     Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.

    "Report" xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyümjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

    Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib.

    Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

    Şahmat Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biridir. FİDE 1927-ci ildə Londonda birinci rəsmi Olimpiadanı (“Olimpiada” adı yalnız 1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra olimpiadalar İkinci Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək 41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.

    Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

    Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

    Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alırlar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.

    Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.

    Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.

    Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

    Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

    Mötəbər yarışın idarə olunmasında Azərbaycandan 30 hakim iştirak edəcək.

    Xatırladaq ki, ilk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi