Yuxarı

​Qubad İbadoğlu Arif Hacılının ittihamlarına cavab verib

Bunlar heç şeytanın da ağlına gələ bilməzdi

"Bunlar heç şeytanın da ağlına gələ bilməzdi"

Bakı. 10 fevral. REPORT.AZ/ "Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqliq nümayiş etdirib, pafos və böhtan dolu bir yazını “bizim missiyamız” adı altında gün üzünə çıxarıb və elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb".

"Report"un məlumatına görə, bunu Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu "facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, A.Hacılının “Bizim missiyamız” adlı yazısı birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur: "Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi. Mənim bütün fəaliyyətim açıqdır, şəffafdır, göz qabağındadır. Mən bağlı qapılar arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq, üzbəüz deyirəm. Missiyanızı oxuyub, “təsirlənməmək” əldə deyil. Demokratiya faizlə ölçülmür, Arif Hacılı, az və ya çox demokratiya yoxdur. Demokratiya ya var, ya da yoxdur. Sizdən fərqli olaraq mənim yeganə istinad mənbəyim ədalətdir. Qaldı yazdığınız “anti - Müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları” ittihamına, mən nə Rəsul Qulyevin, nə də Zərdüşt Əlizadənin həqiqi Müsavata qarşı çıxdıqlarını görməmişəm. Məgər Rəsul bəy, Zərdüşt bəy və məni müdafiə edən onlarla digər siyasətçilər düşündüklərini söyləmək üçün Arif Hacılıdan ərizələrinə dərkənar qoymağı gözləməlidirlər?!"

Q.İbadoğlu Arif Hacılını böhtan atmaqda ittiham edib. "Gedin yazdıqlarınızı soyuq başla bir də oxuyun, ya da ədalətinə ən çox güvəndiyiniz adama oxutdurun, onda biləcəksiniz ki, bu irin-qan yığnağı Müsavatın missiyası ola bilməz, bu sizin “qəzəb gəldi, ədəb getdi” missiyanızdır. Bu missiyanın isə Müsavata dəxli yoxdur", - o əlavə edib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı "Bizim missiyamız" adlı yazısında Q.İbadoğlunu anti-Müsavat mövqe sərgiləməkdə ittiham edib.

Xatırladaq ki, Q.İbadoğlu Divanın 5 fevral qərarı ilə partiyadan xaric edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi