Bakı. 23 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2018-ci il fevralın 16-da imzaladığı “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” sərəncama əsasən təsdiq edilən tədbirlər planına uyğun olaraq rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub.
"Report" xəbər verir ki, Babək rayonunda dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Ali Məclisin Sədri inzibati binanın yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edib.
V.Talıbov bildirib ki, ötən 40 ildə Babək rayonu şərəfli inkişaf yolu keçib. Rayonun inkişafında və formalaşmasında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların kollektivləri də fəal iştirak edərək əmək sərf ediblər. Bütün bunların nəticəsidir ki, Babək muxtar respublikanın qabaqcıl inkişaf etmiş rayonlarından birinə çevrilib.
Son 10 il ərzində rayonda 26 təhsil, 29 səhiyyə, 28 mədəniyyət müəssisəsi, 43 inzibati bina, 11 körpü, 130 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilib və yenidən qurulub, müasir avtomobil yolları çəkilib. Babək rayonunda yeni texnologiyaların tətbiqi sahəsində də böyük uğurlar qazanılıb, rayon ərazisi rabitə xidməti və internetlə təmin olunub, rayondakı ümumtəhsil məktəblərində 791 kompüter və 96 elektron lövhə quraşdırılıb. Ötən 10 ildə rayonda sənaye məhsulunun həcmi 5 dəfə artıb.
Çıxışlardan sonra Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və “Rəşadətli əməyə görə” nişanına layiq görülənlərə müvafiq təltiflərin təqdimatı olub. Ali Məclisin Sədri fəxri adların döş nişanlarını və vəsiqələrini, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib.
Sonra Naxçıvan Dövlət Televiziyasının Babək rayonunun 40 illiyi münasibətilə hazırladığı “Babək rayonu: dünən və bu gün” sənədli filminə baxış olub.