Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.
27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.