Prezident
"Report" xəbər verir ki, sərəncamla Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr postu 2018-ci ildən boş idi.
Xatırladaq ki, V.Əhmədov Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb. O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır. 2015-2018-ci illərdə Rusiya Federasiyası Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb.
O, Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2015-ci ildən indiyədək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışırdı.
Ailəlidir. İki övladı var.