Azərbaycanla bağlı miqrasiya idarəçiliyi indikatorları üzrə hesabat hazırlanacaq.
Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi (BMqT) Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycanda Miqrasiya İdarəçiliyi İndikatorları (Mİİ) prosesi üzrə qurumlararası məsləhətləşmələrlə bağlı görüş təşkil edib.
Tədbirdə BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Amela Mujagic və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edərək müvafiq dövlət qurumlarını, eləcə də qeyri-hökumət təşkilatlarını bir araya gətirən məsləhətləşmə görüşünün əhəmiyyətini vurğulayıblar. Birgə müzakirələr nəticəsində hazırlanacaq yekun hesabatın Azərbaycanda miqrasiyanın idarə olunmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Tədbirdə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan ilə bağlı Miqrasiya İdarəçiliyi İndikatorları üzrə hesabatın ilkin layihəsində müəyyənləşdirilmiş müsbət təcrübələri və mövcud əsas boşluqları müzakirə ediblər, layihəyə dair öz rəy və təkliflərini bildiriblər.
Qeyd edək ki, BMqT və “Economist Impact (EI)” beyin mərkəzi tərəfindən birgə həyata keçirilən Mİİ prosesi hökumətlərə miqrasiya idarəçiliyi ilə bağlı mövcud siyasətləri və təcrübələri qiymətləndirmək imkanı verir. Qiymətləndirmə 6 istiqamət üzrə təxminən 90 göstərici əsasında aparılır. Hazırda dünyanın 100-dən çox ölkəsi Mİİ-nin qiymətləndirmə prosesində iştirak edir.