Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini siyasi partiyaların 30 minə yaxın müşahidəçisi izləyəcək.
"Seçki-2024" - Müstəqil Media Mərkəzindən “Report”a verilən məlumata görə, müşahidəçilər Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçiblər.
Bildirilib ki, müşahidəçilərin namizədlikləri 19 siyasi partiyadan irəli sürülüb və bu proses hal-hazırda intensiv şəkildə davam edir.
Qeyd edək ki, siyasi partiyalar cari il fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində aktiv iştirak edirlər. Mərkəzi Seçki Komissiyası seçkilərə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi partiyaların namizədlərinin irəli sürülməsini təsdiq edib və hamısını qeydə alıb. Hazırda azad seçki mübarizəsi aparan 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülənlərdir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.