Yuxarı

Azərbaycanın tanınmış politoloqu vəfat edib

Vəfa Quluzadə 75 yaşında dünyasını dəyişib

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti, Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə vəfat edib.

"Report"un xəbərinə görə, politoloq 75 yaşında dünyasını dəyişib.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda dünyaya gəlib. Atası Mirzəağa Quluzadə-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır.

O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə oranı bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

V.Quluzadə 1970-ci ildə SSRİ-nin Misirdəki səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

O, 1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. Azərbaycan prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyevin müşavir fəaliyyətini davam etdirib.

Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında, Dağlıq Qarabağ münaqişənin həlli üzrə aparılmış danışıqlarda yaxından iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi