Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə sentyabrın 13-də könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri təşkil olunub.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə tanış olmaq, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.
Səfər çərçivəsində 50-dən çox təşkilat nümayəndəsi Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.
Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin şəhid olmuş qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.
Ziyarətçilər səfər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsini dünyaya çatdırmaq, quruculuq və bərpa işlərində gənclərin də yaxından iştirak edərək, bu şərəfli missiya uğrunda ölkə başçısının tapşırıqlarının uğurla həyata keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə könüllü təşkilatlarının Ağdama səfəri təşkil olunub.