Yuxarı

​Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib - SİYAHI

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, dəyişikliklə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərinin tibbi müayinəsinin təşkil edilməməsinə görə cəzalar müəyyənləşdirilib.

Belə ki, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə ediləcək.

Bundan başqa, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Həmçinin, bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu Məcəllənin 152-2.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Həmçinin, 152-3.3-cü maddədə “zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə” sözləri “zərər çəkən şəxsə fiziki və ya” sözləri ilə əvəz edilib.

Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

152-4.3-cü maddədə “zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə” sözləri “zərər çəkən şəxsə fiziki və ya” sözləri ilə əvəz edilib.

Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər dörd min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.

152-5.3-cü maddədə “zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə” sözləri “zərər çəkən şəxsə fiziki və ya” sözləri ilə əvəz edilib.

Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min beş yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 296-1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

360.1-ci maddədə “152.4” rəqəmləri “152.4-152.7” rəqəmləri ilə əvəz edilsin, “150-5.1,” rəqəmlərindən sonra “150-6,” rəqəmləri, “152-2,” rəqəmlərindən sonra “152-3.5, 152-3.6, 152-5.5, 152-5.6,” rəqəmləri əlavə edilib.

Dəyişikliklərlə bağlı qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi