Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb
Daxili siyasət
22 Fevral , 2021 10:31
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO

Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, yeni sürücülük vəsiqəsi motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir.

Sürücülərə A, A1, B, B1, C, C1, D, D1, BE, CE, DE, C1E, D1E, tramvay və trolleybus katerqoriya və altkateqoriyası üzrə vəsiqələr verilir.

85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılıb. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunub.

Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunub.

Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılıb.

Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.

Son xəbərlər

Orphus sistemi