Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaradılan vahid elektron informasiya sisteminin mahiyyəti açıqlanıb

    Məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək

    Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanda yaradılan vahid elektron informasiya sistemi yerli icra hakimiyyəti orqanlarına bilavasitə vətəndaşlardan və ya onların müraciətlərinə baxan subyektlərdən daxil olan təklif, ərizə və şikayətlərin operativ qeydə alınmasını, icrasını və arxivləşməsini təmin edən elektron məlumat bazasından və proqram-texniki vasitələrin məcmusundan ibarətdir.

    "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC Dövlət İnformasiya Agentliyinə müsahibəsində deyib.

    Onun sözlərinə görə, şəhər və rayon icra hakimiyyətlərinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri müdirlərinin seminarları keçirilir, onlar müvafiq proqramla tanış edilir, lazım olan texniki vasitələrin, o cümlədən kompyuter avadanlığının alınıb quraşdırılması təşkil olunur: "İşin əsas mərhələsi, yəni bilavasitə həmin sistemin yerlərdə quraşdırılıb şəbəkəyə qoşulması qısa vaxtda tamamlanacaq".

    Qeyd edək ki, vahid elektron informasiya sistemi 2015-ci il aprelin 29-da Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Fərman və həmin Fərmanla təsdiq edilmiş Qaydalara uyğun olaraq həyata keçirilir.

    S. İsmayılov bildirib ki, tətbiq olunan yeni sistem təsisçi-administratora imkan verir ki, respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasını, həmçinin respublika üzrə sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin: "Hətta müraciətlər barədə məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək. Əgər müraciətlərin daxil olduğu andan onların icrası başa çatanadək bütün prosesləri müşahidə etmək mümkündürsə, onda gecikmələrin, yaxud müraciətə vaxtında və düzgün baxılmamasının qarşısı daha tez alına bilər".

    PA şöbə müdirinin sözlərinə görə, bütün bunlar müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan dövlətinin daha yüksək tərəqqisini və inkişafının təmin olunması, müxtəlif sahələrdə, o cümlədən sənədləşmə işində ən müasir texnologiyalardan və innovasiyalardan istifadə edilməsi, bununla əlaqədar qəbul edilmiş proqramların həyata keçirilməsi məqsədi daşıyır və hər bir dövlət qulluqçusu, hər bir məmur müasir elektron sənəd dövriyyəsinin əsaslarını öyrənməli və gündəlik işlərində geniş tətbiq etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi