Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb

Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb.
Daxili siyasət
25 Aprel , 2024 10:20
Azərbaycanda vəkillərin sayı 2454 nəfərə çatıb

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələri və vəkilliyə namizədlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan söz açıb.

A.Bağırov, o cümlədən beynəlxalq əlaqələrin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

VK sədri son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini də xatırladaraq Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin fəaliyyətə başladığını bildirib. Diqqətə çatdırıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib: "Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb".

A.Bağırov qeyd edib ki, hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır: "Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək".

Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov çıxışında andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda danışaraq Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinin əhəmiyyətini vurğulayıb, belə bir tədbirin ölkəmizdə keçirilməsinin çox vacib olduğunu dilə gətirib.

O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdırıb.

Mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Daha sonra vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün ARVK-nın Rəyasət Heyətinə minnətdar olduqlarını söyləyiblər.

Tədbirin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin, yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunub.

Son xəbərlər

Orphus sistemi