Azərbaycanda tarixi abidə baxımsız vəziyyətə düşüb, ərazisi zibilliyə çevrilib

Azərbaycanda tarixi abidə baxımsız vəziyyətə düşüb, ərazisi zibilliyə çevrilib Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında yerləşən qədim Qafqaz Albaniyasına məxsus "Qaratəpə" tarixi abidəsi bərbad vəziyyətə düşüb.
Daxili siyasət
5 Yanvar , 2023 14:57
Azərbaycanda tarixi abidə baxımsız vəziyyətə düşüb, ərazisi zibilliyə çevrilib

Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında yerləşən qədim Qafqaz Albaniyasına məxsus "Qaratəpə" tarixi abidəsi bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna rayon sakinləri məlumat verib.

Bildirilib ki, hazırda baxımsız vəziyyətdə qalan bu tarixi abidənin öyrənilməsinə, qorunmasına və təbliğ olunmasına böyük ehtiyac var. Yerli sakinlər deyir ki, "Qaratəpə"nin gələcək nəsillərə çatdırılması üçün mühafizə olunması zəruridir.

"Qaratəpə" qədim tarixi abidəsi orta əsrə aid olmaqla Qafqaz Albaniyasının Şirvan düzündəki abidələrdən biri hesab olunur. Bu abidə 2001-ci ildən Nazirlər Kabinetinin qərarına əsasən, dövlət qeydiyyatına alınıb. Abidə dövlət tərəfindən qorunan abidələr siyahısına alınsa da, bu günə kimi Kürdəmir rayonu ərazisində hər hansı Qafqaz Albaniyası abidəsi öyrənilməyib.

Müşahidələr zamanı məlum olub ki, hazırda baxımsız vəziyyətdə olan abidənin ətrafında dəfn olunan kənd sakinlərinin qəbirləri abidənin ərazisinə daxil olub, hətta bəzi qəbirlərin kənarları belə hasarlanıb. Bundan başqa, abidənin ərazisini gəzdikcə burada pərakəndə şəkildə yığılmış məişət tullantılarına da rast gəlmək mümkündür. Tarixçilər bu qədim Qafqaz Albaniyasına aid maddi mədəniyyət nümunəsi olan "Qaratəpə" tarixi abidəsinin öyrənilməsinə, qorunmasına eləcə də təbliğ olunmasına böyük ehtiyac olduğunu bildirirlər.

Bundan başqa, invertar nömrəsi "1231" olan ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsinin tanıtım lövhəsi də yararsız vəziyyətə düşüb və oxunması mümkün deyil. Bu da buraya gələn turistlər və yerli sakinlərin bu tarixi abidə haqqında heç bir məlumat əldə edə bilməməsinə səbəb olur.

Əgər bu abidənin tezliklə qorunması və təbliği işi həyata keçirilməzsə, abidə tarixə qovuşa bilər. Belə olarsa, bu maddi mədəniyyət nümunəsi kənd qəbiristanlığının altında qala bilər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "Report"un yerli bürosuna bildirib ki, "Qaratəpə" yaşayış yeri və qədim qəbiristanlıq ölkə əhəmiyyətli arxeoloji abidədir və abidənin ətrafında yerləşən ərazi orta əsrlərdən hazırki dövrə qədər qəbiristanlıq kimi istifadə olunub.

Onun sözlərinə görə, aparılan maarifləndirici tədbirlərdən sonra son dövrlər abidəyə yaxın yerlərdə dəfnlərin həyata keçirilməsinin qarşısı alınıb: "Arxeoloji abidənin ərazisinin mühafizəsi məqsədilə ətrafı dəmir torla hasarlanıb. Dövlət Xidmətinin abidələrin mühafizəsi xidməti tərəfindən abidənin qorunmasına nəzarət edilir".

Son xəbərlər

Orphus sistemi