Azərbaycanda sualtı mədəni irs nümunələrindən istifadə qaydaları təsdiqlənib

Azərbaycanda sualtı mədəni irs nümunələrindən istifadə qaydaları təsdiqlənib Nazirlər Kabineti müvafiq sənədləri təsdiq edib
Daxili siyasət
11 Fevral , 2016 01:03
Azərbaycanda sualtı mədəni irs nümunələrindən istifadə qaydaları təsdiqlənib

Bakı. 11 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”nı və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nı təsdiq edib.

“Report”un xəbərinə görə, bu qaydalar Azərbaycanın ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydasını müəyyən edir.

Sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar, gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar, qədim tarixi əşyalar aiddir.

Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir.

Azərbaycanın ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.

Sualtı mədəni sərvətlərin mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməsi daşınmaz mədəni sərvətlər üzrə Nazirlər Kabineti, digər mədəni sərvətlər üzrə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilmiş sualtı mədəni sərvətlərin hər birinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir.

Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.

Sualtı mədəni irs nümunələri Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdən sonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.

Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.

Son xəbərlər

Orphus sistemi