Yuxarı

​Azərbaycanda polis şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməyəcək

Bu hərəkətin qanunda göstərilmiş hallar və əsaslar olmadan edilməsi qadağan olunacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan qanunları və prezident aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığı verilib.

Dəyişikliklərə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü hissə hesab edilməsi və aşağıdakı məzmunda ikinci hissənin əlavə edilməsi nəzərdə tutulub:

“Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi