​Azərbaycanda “Miqrasiya orqanları işçilərinin rotasiyası qaydası” təsdiqlənib

​Azərbaycanda “Miqrasiya orqanları işçilərinin rotasiyası qaydası” təsdiqlənib Bu qayda miqrasiya orqanları işçilərinin rotasiya qaydalarını tənzimləyir
Daxili siyasət
14 İyun , 2016 14:11
​Azərbaycanda “Miqrasiya orqanları işçilərinin rotasiyası qaydası” təsdiqlənib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) “Miqrasiya orqanları işçilərinin rotasiyası qaydası”nı təsdiq edib.

"Report"un xəbərinə görə, qərarı DMX rəisi Firudin Nəbiyev imzalayıb.

Bu qayda miqrasiya orqanları işçilərinin rotasiya qaydalarını tənzimləyir.

Sənədə əsasən, rotasiya işçilərin potensialının səmərəli istifadəsi, qulluq və peşəkarlıq səviyyəsinin artırılması, qulluq fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi, vəzifə tutmaqda bərabər hüquq və imkanlara malik olmaları, miqrasiya orqanlarında mövcud kadr potensialından səmərəli istifadə edilməsi, həmçinin təcrübəli və perspektivli kadrların irəli çəkilməsi və korrupsiya hallarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə həyata keçirilir.

Ədalətli və stabil kadr bölgüsünün təşkili üçün rotasiya işçilərin xüsusi rütbəsi, peşəkarlığı, ixtisası, vəzifələrini yerinə yetirməsi, şəxsi keyfiyyətləri, səhhəti, yaşı, yaşayış yeri, ailə bütövlüyünün qorunması, həmçinin vakant ştat vahidləri nəzərə alınmaqla həyata keçirilir.

İşçilərin rotasiyasına dair təkliflərin verilməsi üçün Dövlət Miqrasiya Xidmətində rotasiya komissiyası yaradılır.

Komissiyanın tərkibi sədr, sədr müavini, 5 nəfər üzvdən və katibdən ibarət olmaqla, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilir.

Üzvlərin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir (komissiyanın katibi səs vermə hüququna malik deyil). Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar protokolla rəsmiləşdirilir və protokol iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın qərarı ilə razı olmayan və ya həmin qərarla bağlı xüsusi rəyi olan Komissiyanın üzvü protokolu müvafiq qeydlə imzalayaraq rəyini yazılı surətdə protokola əlavə edir.

Komissiyanın işinə müdaxilə yolverilməzdir.

Komissiya üzvlərinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək, protokol və digər sənədləri ilə tanış olmaq, qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək, qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək hüquqları var.

Komissiya üzvlərinin vəzifələrinə iclasları üzrsüz səbəbdən buraxmamaq, iclaslarda baxılan məsələlər üzrə səsvermədə iştirak etmək, üzvün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək, iclaslarda baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək vəzifələri daxildir.

İşçinin qulluq vəzifələrini yerinə yetirməsi ilə əlaqədar özünün və ya yaxın qohumlarının həyatı üçün təhlükə yaranarsa, onun və ya yaxın qohumlarının dövlət müdafiəsinin təmin olunması məqsədilə rotasiyası aparıla bilər. Bu zaman işçinin tutduğu vəzifəyə uyğun ştat vahidi olmadıqda o, razılığı ilə müvəqqəti olaraq bir pillə aşağı vəzifəyə keçirilə bilər.

İşçi məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, təlimə cəlb edildiyi, habelə barəsində xidməti yoxlama aparıldığı dövrdə rotasiya olunmur.

Rotasiya zamanı işçi ixtisası və iş təcrübəsi nəzərə alınmaqla, eyni yaxud yuxarı vəzifəyə keçirilə bilər.

Qulluq yeri rotasiya qaydasında dəyişdirilmiş işçi rotasiyanın nəticələrindən inzibati və məhkəmə qaydasında şikayət edə bilər.

Son xəbərlər

Orphus sistemi