Bakı. 29 aprel. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, layihələr barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, hər iki layihə prezidentin təqdimatı ilə parlamentə daxil olub.
"Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə təklif olunan əlavəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.
"Telekommunikasiya haqqında" qanuna isə 3 yeni maddə əlavə edilib. Belə ki, təklif edilən 33.1.3-1-ci maddəyə görə abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz isitifadə imkanlarını təmin etmək, eləcə də 34.1.2-1-ci maddədə sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün tədbirlər görülməsini tələb etmək və sonda bu qanunun 33.1.3-1-ci maddəsində göstərilən vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı) lazımdır.
Həmçinin, dəyişiklik layihəsi telekommunikasiya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz isitifadə imkanlarını təmin etmək vəzifəsini, telekommunikasiya istifadəçilərinin isə bu cür informasiyalardan qorunması məqsədi ilə müvafiq tədbirlər görülməsini telekommunikasiya operatorlarından tələb etmək hüququnun verilməsini nəzərdə tutur.
Dəyişiklik layihələri müzakirədən sonra qəbul olunub.