Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilib. "Report" xəbər verir ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik qəbul olunub.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5 000 manat miqdarında cərimələnəcəklər.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin "Bədən tərbiyəsi və idman haqqında" qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən baha qiymətə satan fiziki şəxslər 700 manat, vəzifəli şəxlsər 1500 manat, hüquqi şəxslər 6 000 manat cərimə olunacaqlar.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərini müəyyən edilən tariflərdən yüksək qiymətə satan fiziki şəxslərin cəriməyə cəlb olunması ilk dəfədir tətbiq edilir. Hazırda qüvvədə olan maddə bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslərin cərimələnməsini nəzərdə tutmur.
.