Bakı. 19 aprel. REPORT.AZ/ Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir.
"Report"un xəbərinə görə, Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatınatətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı (Deputatlar səsvermə hüququnu şəxsən həyata keçirirlər-bu maddənin pozulması) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Milli Məclisi tərəfindən qəbul edilir.
Layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.