Yuxarı

​Azərbaycanda əməliyyat-axtarış tədbirləri həyata keçirən subyektlərin səlahiyyət bölgüsü müəyyənləşib

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla Nazirlər Kabineti Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə isə rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təşkilini bu fərmanla təsdiq edilən qaydalara uyğunlaşdırmaq tapşırılıb.

Dövlət başçısı həmçinin “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişiklik edib. Fərmanın IV hissəsi aşağıdakı redaksiyada verilir:

“IV. Rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. Rabitə şəbəkələrində aparılan əməliyyat-axtarış tədbirləri üzrə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin rabitə şəbəkələrinə qoşulması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi