Yuxarı

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydaların və şərtlərin dəyişdirilməsini nəzərdə tutan layihə geri qaytarılıb

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri dəyişikliklər layihəsini sərt tənqid ediblər

Bakı. 28 aprel. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydaların və şərtlərin dəyişdirilməsini nəzərdə tutan layihəni geri qaytarıb. 

"Report"un məlumatına görə, komitənin aprelin 28-də keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə haqda məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, təklif olunan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Bundan başqa, dövlət orqanına təklif edilən namizəd müsbət təklif alarsa, stajçı əmək müqaviləsi bağlanılmaq yolu ilə 6 ay sınaq müddətinə dövlət qulluğuna qəbul ediləcək. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verib onunla müvafiq əmək müqaviləsi bağlayacaq.

Stajçı kimi qulluğa qəbul edilən şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə əvvəlki vəzifədə staj müddəti nəzərə alınacaq. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxs yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla yenidən sınaq müddəti ilə vəzifəyə təyin ediləcək.

Layihədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Belə ki, attestasiyalar ləğv olunacaq və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikat almalı olacaqlar. Yəni, həmin şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

Eyni zamanda, sertifikat alaraq dövlət qulluğuna daimi xidmətə qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, üçüncü sertifikat şəxsə ömürlük veriləcək və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb olunmayacaq.

Lakin komitə üzvləri dəyişikliklər layihəsini sərt tənqid ediblər. 

Müzakirələrin sonunda dəyişikliklər layihəsi yenidən işlənməsi üçün geri qaytarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi