Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılda, rayona köçmüş ilk sakinlər qrupu qarşısındakı çıxışı həm daxili, həm də xarici siyasətimiz haqqında ilk mənbədən məlumat almaq baxımdan çox maraqlı idi. Dövlət başçısı öz çıxışı ilə göstərdi ki, planlaşdırılan layihələrin icrası ilə bağlı heç bir problem yoxdur.
Bunu “Report”a Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində yerli sakinlərlə görüşündə səsləndirdiyi fikirləri şərh edən politoloq, professor Əlimusa İbrahimov deyib.
O bildirib ki, Azərbaycan Qarabağda yenidənqurma işlərini uğurla davam etdirir: “Bu, əlbəttə, iqtisadiyyatın inkişafı, bölgənin çiçəklənməsi baxımından mühüm rol oynayır. Heç biri xarici qüvvə, həmçinin sanksiyalar və təhdidlər Azərbaycanı priorotetlərindən, o cümlədən Qarabağın canlandırılması istiqamətində müvafiq addımlar atmasından çəkindirə bilməz”.
Politoloqun sözlərinə görə, dövlət başçısının gənc nəslə müraciətində verdiyi mesajlar rəsmi Bakının prioritetlərini bir daha həm daxili, həm də beynəlxalq auditoriyaya çatdırdı: “Gənclər əhalinin xarici ölkə nümayəndələri ilə ən sıx təmasda olan hissəsini təşkil edir. Onlar iş, təhsil və səyahət məqsədilə müxtəlif xarici ölkələrə üz tuturlar. Bu baxımdan gənclər öz “yol xəritələrini” müəyyənləşdirmək prezidentin verdiyi mesajlara istinad etməlidirlər”.
Professor bildirib ki, Prezident İlham Əliyevin çıxışında ən ciddi mesajlardan biri Cənubi Qafqazdakı son durumla bağlı idi: “İsmarışların xeyli hissəsi Ermənistana və onun arxasında dayanan xarici qüvvələrə ünvanlanmışdı. Bu, təbiidir. Çünki Avropa və ABŞ-nin ermənipərəst dairələri Azərbaycana qarşı təxribatlardan və pis niyyətdən hələ də əl çəkmirlər. Onlar Ermənistan iqtisadiyyatı və cəmiyyətinə real yardım göstərmək əvəzinə onu gah Rusiya, gah da Azərbaycana qarşı qaldırır, silahlandırır və təxribata cəlb edirlər".
Politoloq hesab edib ki, onlar Azərbaycana qarşı mövqe tutmaqla ermənilərə yardım etdiklərini düşünürlər:
"Amma əslində belə deyil. Ermənilərin gələcək inkişafı məhz Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçdiyini Prezident İlham Əliyev onlara başa salmağa çalışır. Ölkə rəhbəri bu qüvvələrə mesajlarında onların təşəbbüslərinin yenə də boşa çıxacağı barədə xəbərdarlıqlar edir. Azərbaycana qarşı tutduqları mövqenin Ermənistan üçün heç də yaxşı nəticələr verməyəcəyin açıq mətnlə bildirir”.