2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı prezident seçkilərində Heydər Əliyev siyasətinin davamçısına - İlham Əliyevə böyük etimad göstərdi.
Bunu "Report"a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, İlham Əliyevi ölkə rəhbəri seçən xalq Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi:
"Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən 21 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, bütün sahələr üzrə dinamik inkişaf qeydə alınıb. Eləcə də, insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib".
Onun sözlərinə görə, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir:
"Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Cənab İlham Əliyev məhz belə liderdir. Bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb. Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar edilib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb".
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi haqqında danışan F.Yıldırım vurğulayıb ki, Azərbaycanın hərtərəfli inkişafı, xalqın firavan həyatı, ölkənin 30 il müddətində pozulmuş ərazi bütövlüyünün bərpası idi:
"Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir".
Deputat söyləyib ki, effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi:
"Ötən il 19-20 sentyabr tarixlərində isə ordumuz tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Şanlı Zəfər müstəqillik tariximizin ən parlaq səhifəsidir. Bu zəfərin sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, onların qısası alındı. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq".
F.Yıldırım bildirib ki, Prezident İlham Əliyevin xalqın qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır:
"Birmənalı şəkildə qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq".