​Azərbaycan və Türkmənistan prezidentləri arasında görüş keçirilib

​Azərbaycan və Türkmənistan prezidentləri arasında görüş keçirilib Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi bu ilin dekabrında ölkəsinin bitərəfliyinin 20 illiyi ilə bağlı keçiriləcək konfransa dəvət edib
Daxili siyasət
12 İyun , 2015 18:38
​Azərbaycan və Türkmənistan prezidentləri arasında görüş keçirilib

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev deyib: 

- Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadıq ki, bizim üçün çox önəmli gündə qonağımızsınız. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı ifadə edir. Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələr məhz dostluq, qardaşlıq əsasında qurulub. Xalqlarımız da daim bir yerdə yaşamışlar, yaratmışlar, bir-birinə arxa-dayaq olmuşlar. Bu gün iki müstəqil dövlət kimi Türkmənistan və Azərbaycan uğurla inkişaf edir. Biz sizin uğurlarınızı məmnunluqla qeyd etmək istəyirik. Bu, bizi çox şad edir. Sizin rəhbərliyinizlə Türkmənistan inkişaf yolu ilə uğurla gedir. Əminəm ki, gələcəkdə bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək. Sizin bu gün Bakıda olmağınız özlüyündə bir nümunədir, göstəricidir.

Bir daha Sizi ürəkdən salamlayıram. Xahiş edirəm ki, mənim ən xoş arzularımı qardaş türkmən xalqına çatdırasınız.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Türkmənistan Prezidenti birinci Avropa Oyunlarının çox əhəmiyyətli və vacib idman tədbiri olduğunu qeyd edib. İki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən Türkmənistan dövlətinin başçısı ümumi tarix, dil və mənəvi dəyərlərin mövcudluğunun ikitərəfli əlaqələri daha da genişləndirməyə kömək etdiyini deyib. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın bitərəfliyi ilə bağlı BMT-nin ikinci qətnaməsinin qəbul edildiyini deyərək Azərbaycanın bu sənədi dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. Türkmənistan dövlətinin başçısı bu ilin dekabrında ölkəsinin bitərəfliyinin 20 illiyi ilə bağlı keçiriləcək konfransa Azərbaycan Prezidentini dəvət edib.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Türkmənistanda qapalı məkanlarda döyüş növləri üzrə 5-ci Asiya Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi