Azərbaycan Prezidenti: "XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir"

Azərbaycan Prezidenti: "XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir" Prezident İlham Əliyev: "Bu gün Avropada mənəvi böhran yaşanır"
Daxili siyasət
5 Noyabr , 2015 10:04
Azərbaycan Prezidenti: XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Azərbaycan Prezidenti qeyd edib ki, xarici müdaxilə nəticəsində həmin insanların ölkələri darmadağın edilib, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itiriblər, milyonlarla insan qaçqın vəziyyətinə düşüb və indi onlar Avropaya pənah aparırlar: "Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən".

Prezident İlham Əliyev belə bir vəziyyətdən narahat olduğunu deyib: "Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər".

Son xəbərlər

Orphus sistemi