Yuxarı

Azərbaycan Prezidenti: "SOCAR Polimer kompleksi iki ildən sonra hazır məhsul istehsal edəcək"

Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur

Bakı. 12 iyul. REPORT.AZ/ "İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik". 

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun çıxışında bildirib.

Dövlət başçısı deyib: "Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq.

Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.

Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.

Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi