Yuxarı

Azərbaycan Prezidenti Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib

Dövlət başçısı bununla bağlı fərman imzalayıb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. "Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin.

Şəhərsalma və Tikinti Məcəlləsinin 75.7-ci maddəsinə uyğun olaraq, tikintiyə icazənin, xüsusi nişanın forma və məzmununu Azərbaycan Prezidenti ilə razılaşdıraraq üç ay müddətində təsdiq etsin.

Həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Müəyyən edilsin ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.7-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

“Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 4.2-ci bəndində “75.6-cı maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “75.7-ci maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin.

Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklərə əsasən, məcəllənin 75.1-ci maddəsinin üçüncü cümləsinə “11-ci maddəsinə” sözlərindən sonra “, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə” sözləri əlavə edilib. 

Dəyişikliyə əsasən, 75.4-cü maddənin ikinci cümləsində “1 ay” sözləri “15 gün” sözləri ilə əvəzlənib. 

75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilib: “Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir”.

75.7-ci maddəyə "tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” cümləsi əlavə olunub. 

Dəyişikliyin digər müddəasına görə, 80.1-1-ci maddəyə aşağıdakı əlavə edilib:

“80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”;

80.2-ci maddədə “yaşayış evlərinin”, 80.3-cü maddədə, 80.4-cü maddənin birinci cümləsində və 80.5-ci maddədə “yaşayış evinin” sözləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin.

80.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.”;

80.4-cü maddənin birinci cümləsində “80.1-ci və 80.3-cü maddələrində” sözləri “80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

80.4-cü maddənin ikinci cümləsində “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilsin.

82.2-ci maddədə “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi