Azərbaycan prezidenti: "Düşmənə sarsıdıcı zərbə vurulub"

Azərbaycan prezidenti: "Düşmənə sarsıdıcı zərbə vurulub" "Düşmən böyük itkilər verib"
Daxili siyasət
3 Aprel , 2016 14:09
Azərbaycan prezidenti: Düşmənə sarsıdıcı zərbə vurulub

Bakı. 3 aprel. REPORT.AZ/ "Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılıb. Düşmənə çox böyük zərbələr endirilib. Düşmən böyük itkilər verib. Düşmənə sarsıdıcı zərbə vurulub".

"Report" xəbər verir ki, bunu aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası zamanı dövlət başçısı İlham Əliyev bildirib.

Prezident bu silahlı təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslərin olduğunu diqqətə çatdıraraq, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

Prezident İlham Əliyev daha sonra şəhid olanların ruhuna Allahdan rəhmət, onların qohumlarına, yaxınlarına səbr, yaralananlara Allahdan şəfa diləyib.

Prezident, həmçinin göstəriş verərək bildirib ki, "Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin".

Çıxışına davam edən dövlət başçısı, Ermənistanın bu cür təxribatlara birinci dəfə deyil ki, əl atdığını qeyd edib.

"Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilib. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkiblər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olub. Düşmənə layiqli cavab verilib. Düşmən yerinə oturdulub.

Yəni, bunu demək istəyirəm ki, bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılıb. Düşmənə çox böyük zərbələr endirilib. Düşmən böyük itkilər verib. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vurulub", -deyə o bildirib.

İlham Əliyevin sözlərinə görə, "bununla yanaşı, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılıb, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm", - deyə prezident qeyd edib.

O əmin olduğunu bildirib ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq:

"Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.

Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər".

Son xəbərlər

Orphus sistemi