Yuxarı

Azərbaycan Prezidenti Cinayət Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib

Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə onların külli miqdarı qanunla müəyyən ediləcək

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan qanunlarının və Prezident aktlarının “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, Cinayət Məcəlləsinin 240-cı maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq, “Güclü təsir edən və zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, həmçinin "Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Maddə 1. Cinayət Məcəlləsinin 240-cı maddəsinə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə onların külli miqdarı qanunla müəyyən edilir.”.

Maddə 2. Bu Qanun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulan qanunla eyni gündə qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi