"Son illər Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra edilib, ya da ki, bu layihələrin icrası başa çatmaq üzrədir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Mənim iştirakımla Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələri mərasimləri həyata keçirilmişdir. Şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsi də böyük hadisə idi. Eyni zamanda, bir çox kəndlərdə bu problem öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib", - Prezident vurğulayıb.