Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat-Seçki konfransı keçirilib.
"Report" xəbər verir ki, AKTİ-yə üzv təşkilatların rəhbərlərinin, katibliyin, media nümayəndələrinin, bir sıra rəsmi qonaqların və Azərbaycan Könüllülərinin iştirakı ilə həyata keçirilən konfransda İttifaqın ötən illərə dair yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Azərbaycan Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov İttifaqın ölkədəki könüllülük hərəkatındakı rolunu, könüllülük hərəkatının Azərbaycanda güclü bir qüvvəyə çevrildiyini vurğulayıblar.
Eyni zamanda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatması, Azərbaycanda geniş vüsət almış könüllülük fəaliyyətinin aparıcı gücünün məhz gənclər olması qeyd edilib.
Hesabat-Seçki konfransında AKTİ-nin sədri Yusif Vəliyev sədrlik etdiyi dövr ərzində fəaliyyətini əks etdirən hesabatla çıxış edib. O, könüllülərin sosial, iqtisadi, mədəni və ekoloji sahələrdə oynadığı mühüm rol oynadığını, o cümlədən gənclərin cəmiyyətin inkişafına verdiyi töhfəni və könüllülərin sosial problemlərin həllində fəal iştirak etdiyini bildirib.
Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə İttifaqa üzv olan təşkilatların rəhbərlərinin mükafatlandırma mərasimi həyata keçirilib.
AKTİ sədrinin hesabatı dinlənildikdən sonra üzv təşkilatların iştirakı ilə növbəti il ərzində İdarə Heyəti və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi baş tutub.
Keçirilən səsvermənin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən Vüqar Əliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib.
Həmçinin növbəti illər ərzində İdarə Heyətinin sədr müavini olacaq namizədlərin də seçkisi keçirilib. Müvafiq olaraq, AKTİ-nin sədr müavinliyinə “Ekokönüllülər” qrupunun rəhbəri Səyyarə Məmmədova və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova seçiliblər.
Foto: Məhəmməd Ağayev