Bakı. 2 oktyabr. REPORT.AZ/ Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət rəsmiləri və ölkəmizin Qərb bölgəsində yerləşən 12 rayonun 800-ə yaxın ən fəal gənci iştirak edib.
"Azərbaycan Xalq Cümhuriyyəti ili"nin qeyd edildiyi dönəmdə Azərbaycan Gənclərinin növbəti Forumunun məhz AXC hökumətinin işə başladığı şəhərdə baş tutması rəmzi məna daşıyır.
Qeyd edək ki, ilk toplantının mövzusu - Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir. Gənclər və idman naziri Azad Rəhimov çıxışında deyib: “Bu gün bu zala ölkəmizin Qərb bölgəsində yerləşən 12 rayonun ən fəal gəncləri toplaşıb. Bu bölgəmizin təbiəti səfalı və zəngin, iqtisadiyyatı çoxşaxəli, insanları savadlı, işgüzar, cəsarətli, ənənələri möhkəm və genişdir. Bir ay ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol xəritələrinin icrasında iştirakı geniş müzakirə ediləcək. Bu müzakirələrdə 2 mln. 700 min Azərbaycan gəncini təmsil edən yüzlərlə nümayəndə iştirak edəcək”.
Nazir Azad Rəhimov Gənclər və İdman Nazirliyinin yeni nəslin vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyəsini 3 istiqamətdə apardığını bildirib. Nazir qeyd edib ki, vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi, xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi, xalqa, Vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik və üçüncüsü, praktiki hərəkət.
Daha sonra, nazir çıxışında Nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən geniş şəkildə söz açıb. Nazir dövlət başçısı İlham Əliyevin gənclərlə görüşlərində dəfələrlə müstəqilliyimizin qorunmasında məhz gənclərin əvəzsiz rolu olduğunu vurğuladığını diqqətə çatdırıb.
“Vətənpərvərliyi illərlə tərbiyə edirsən, onun nəticəsi isə bir an ərzində özünü göstərir. Mübariz İbrahimov, aprel döyüşçülərinin qəhrəmanlığı buna bariz nümunədir. Azərbaycan gənclərinin, bütün cəmiyyətin həmin günlər yüksək vətənpərvərlik ruhu da onu göstərir ki, Azərbaycan gəncləri düzgün tərbiyə edilir, onlar layiqli vətəndaşdırlar”- deyə nazir əlavə edib