Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Azərbaycan Gənclərinin VIII Forumu keçirilib Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.
Daxili siyasət
321
16 Noyabr , 2018 15:16
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.

"Report" xəbər verir ki, forumda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov VIII Forumun ölkəmiz üçün əlamətdar tarixdə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. 

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətinin dövlətin həyata keçirdiyi siyasi kursun prioritet istiqamətlərindən olduğunu bildirib. 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov,  Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışlarında ölkədə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar. 

Sonra Dünya Skautlar Təşkilatının icraçı direktoru Əhməd Əlhəndavinin və BMT baş katibinin gənclər üzrə xüsusi elçisi xanım Cayatma Vikramanayakenin Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına videomüraciətləri dinlənilib.

Videomüraciətlərdə Azərbaycan dövlətinin dünyada gənclər siyasətinin inkişafına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb. 

Xatırladaq ki, tədbirin yekununda qətnamə və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi