Yuxarı

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib

AGTMŞ-nin XIV Hesabat-Seçki Konfransı keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) XIV Hesabat-Seçki Konfransı keçirilib. "Report"un xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Çıxış edən AGTMŞ-nin sədri Şahin Seyidzadə Şura haqqında tədbir iştirakçılarına məlumat verib. O xatırladıb ki, Şura 1995-ci ildən fəaliyyət göstərir: "Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qeyd edib ki, bu gün ölkədə qeydiyyatdan keçən 3000-ə yaxın qeyri-hökumət təşkilatı var: "Onlardan 300-ü də məhz gənclər təşkilatıdır. AGTMŞ QHT sektorunda yeganə qurumdur ki, onun yaranmasında bilavasitə iştirak etmişəm. Bu gün ölkədə çox sayda gənclər təşkilatı var. Milli Şura kollektiv üzvlərinin sayına görə ən böyük gənclər platformasıdır. Beynəlxalq qurumlarla əməkdaşlıq eədn gənclər təşkilatlarından biridir".

O əlavə edib ki, müstəqillik dövründə Azərbaycanda nümunəvi gənclik siyasəti formalaşıb: "Avropa məkanında yeganə ölkə Azərbaycandır ki, ayrı-ayrı gənclərin fərdi layihələri maliyyələşdirilir. Bu günə qədər 3 226 layihə maliyyələşdirilib ki, bunun da 1/3 hissəsi gənclərə məxsusdur".

Konfransda seçkili orqanlara seçkilər keçirilib.

Səsvermə ilə Seymur Hüseynov Gənclər Təşkilatları Milli Şurasının sədri, İlyas İsmayıllı və Aysun Zeynalova isə sədr müavinləri seçiliblər. Konfransda həmçinin Şuranın Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin tərkibi də formalaşdırılıb.

Qeyd edək ki, Şuranın tərkibində 112 gənclər təşkilatı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi