Yuxarı

Azay Quliyev: "Bəzən yerli icra hakimiyyəti orqanları ictimai şuraların yaradılması ilə bağlı qanunvericiliyə əməl etmir"

Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruri idi

Bakı. 15 fevral. REPORT.AZ/ "Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruri idi. Çünki ictimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyildi. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlnaması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim etdi". "Report"un məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentdə "İctimai nəzarət haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bəzən yerli icra hakimiyyəti orqanları İctimai şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradıldığını elan edirlər: "Əsas ali məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır. Bunun üçün də müvafiq orqanlar tərəfindən ictimai şura yaradılmalıdır. Bununla da həmin müvafiq orqan Prezident və Prezident Administrasiya ilə bilavasitə təmasları təmin edə bilsin".

Xatırladaq ki, yeni qanun layihəsində İctimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. Layihə 17 maddədən ibarətdir. Bundan başqa, İctimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar vasitəsilə həyata keçiriləcək. İctimai şuralarda qeyri-hökumət təşkilatları, KİV, həmkarlar ittifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi