Yuxarı

AXCP Sumqayıt təşkilatının bir qrup üzvü istefa verib - SİYAHI

Biz Sumqayıt cəbhəçiləri Razi Nurullayevin formalaşdırdığı AXCP-də birləşdiyimizi bəyan edirik

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatının bir qrup üzvü istefa verərək Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulub.

Təşkilat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, AXCP Sumqayıt şəhər təşklatının üzvləri Şakir Məmmədov, Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, İmran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov, Elşən Muradov Razi Nurullayevə dəstək bəyanatı yayıblar.

Bəyanatda bildirilib ki, AXCP-nin içində “gizli əl” kimi işləyən fitnəkar və xain ünsürlərin əməyi nəticəsində partiya üç yerə bölünüb: "Məşhur dirijor çubuğu zaman-zaman bölünmüşləri müxtəlif adlar altında SİDSUH, İctimai Palata və nəhayət, 2013-cü il prezident seçkilərində Milli Şura adı altında fəaliyyət göstərməyə vadar etdi. Ənənəvi olaraq yenə də sehrli çubuq Milli Şurada olanları pərən-pərən saldı. Bundan sonra xalqda gözünü dikdiyi müxalifətə qarşı bir inamsızlıq yarandı.

Dünya təcrübəsində istər demokratik, istərsə də despot təmayüllü ölkələrdə 22 il müxalifət yerində saymır. Bəhanə gətirərək, əks arqument bildirənləri də qəbul etmirik. Müxtəlif liderlər ətrafında birləşərək alver predmetinə çevrilən bizlər yorularaq usandıq.

Bir-birimizi təmkinlə dinləməli və siyasi əxlaq nümunəsi göstərməliyik. Hər birimizin zamanında buraxmış olduğu səhvlərdən istifadə edərək şəxsimizdən xəyanətkar obrazı formalaşdırmayaq. Hər bir hərəkat, zamanın sınaq süzgəcindən keçərək özünün mübarizə yolunda hansı xətdə doğru yürüdüyünü büruzə verir. Yetər bir-birimizi ittiham etdik.

Biz Sumqayıt cəbhəçiləri Razi Nurullayevin formalaşdırdığı AXCP-də birləşdiyimizi bəyan edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi