AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir - RƏY

AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir - RƏY “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir . 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tə
Daxili siyasət
28 May , 2022 10:09
AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir - RƏY

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir . 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və repressiyalara məruz qalıb".

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu mərhələdə, həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmayıb:

"Hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılıb. Belə olan halda, təqribən 90 il sonra yeni əsrin çağırışlarına - yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxıb. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd edib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulub:

“Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılıb. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik. Məhəmməd Əmin Rəsulzadə , Fətəli Xan Xoyski , Əhməd Bəy Ağaoğlu, Nəsib Bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilib ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.

Deputat vurğulayıb ki, müasir Azərbaycan dövləti 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir:

“Təsadüfi deyil ki , 2021-ci il oktyabr ayının 15-dən sonra Müstəqillik Günümüz də məhz Azərbaycan Xalq Çümhuriyyətinin yaranması tarixində, yəni 28 May 1918-ci ildən hesablanır. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Hazırda əldə etdiyimiz tarixi zəfərimiz kontekstində bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə nəzər saldıqda çoxminillik dövətçilik tariximizdə AXC-nin necə mühüm bir həlqə təşkil etdiyini daha aydın görə bilirik. İlham Əliyevin bu gün aktual olan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya – demarkasiya edilməsi məsələsini şərh edərkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətinə toxunması da əslində AXC sərhədlərinin müasir dövlətçilik ənənələrimizin mənəvi-siyasi əsaslarını təşkil etməsinə işarə idi” .

Son xəbərlər

Orphus sistemi