Avroparlamentin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər - RƏY

Avroparlamentin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər - RƏY Avropa Parlamenti üzvləri Azərbaycanda, əsasən də COP29-da vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər.
Daxili siyasət
December 20, 2024 13:32
Avroparlamentin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər - RƏY

Avropa Parlamentinin üzvləri Azərbaycanda, əsasən də COP29-da vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirirlər.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü Pərvanə Vəliyeva deyib:

"Avropa Parlamenti Azərbaycan əleyhinə növbəti qərəzli və qeyri-obyektiv qətnamə qəbul edib. Qətnamədə yer alan iddialardan biri Azərbaycanda vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bağlıdır. Avropa Parlamenti üzvlərinə Azərbaycanda, əsasən də COP29-da vətəndaş cəmiyyətinin iştirakçılığı barədə absurd fikirlər səsləndirərkən faktlara əsaslanmasını və ehtiyatlı olmalarını bildirmək istərdim".

O qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ötən ay ölkəmizdə tarixi nailiyyətlərlə yadda qalan COP29 tədbiri zamanı xüsusi fəallıq nümayiş etdirib:

"Konvensiyaya tərəf olan dövlətlərin kollektiv qərarına əsasən 4 Azərbaycan QHT-si Konvensiya yanında daimi əsaslarla müşahidəçi statusu əldə edib”.

P.Vəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 6 vətəndaş cəmiyyəti nümayəndəsinin COP29 Təşkilat Komitəsinin tərkibinə daxil edilməsini ölkə başçısının QHT-lərə yüksək etimadından irəli gəldiyini qeyd edib:

Pərvanə Vəliyeva
Pərvanə Vəliyeva

“Ən inklüziv COP-lardan biri kimi yaddan qalan COP29-da 11 min 576 nəfər müşahidəçinin, o cümlədən 8356 nəfər QHT nümayəndəsinin iştirak etməsi onun dünya QHT-ləri üçün əhəmiyyətini göstərdi”.

Azərbaycan Milli QHT Forumun idarə heyətinin üzvü COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin birgə bəyanatına 137 ölkədən 1023 QHT təmsilçisinin imza atmasını ciddi uğur kimi qiymətləndirib:

“Dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib. Milli QHT-lərin Yaşıl Zonada olan pavilyonunda təşkil olunan 54 tədbirdə 3 minə yaxın şəxs iştirak edib”.

Deputat hazırda beynəlxalq koalisiyaya çevrilən COP29 QHT Koalisiyasında 100 ölkədən 90 təşkilat və 500-dək QHT nümayəndəsinin təmsil olunduğunu əlavə edib:

“COP29 Azərbaycan QHT-ləri üçün beynəlxalq arenada yeni fürsətlər və imkanlar açıb. Artıq Azərbaycan vətəndaş cəmiyyəti qlobal müstəvidə tanınır, fəal QHT diplomatiyası aparır və beynəlxalq qərar qəbuletmə proseslərinə nüfuz edərək onların məcrasını müvafiq istiqamətə dəyişdirə biləcək təsirli gücə çevrilirlər”.

Milli Məclisin üzvü Qoşulmama Hərəkatı ölkələrinin, Xəzəryanı ölkələrin, Türk dövlətlərinin QHT şəbəkələrinin yaradılmasının, onların Azərbaycanın COP29 gündəliyinə uyğun fəaliyyətə cəlb edilməsinin, “Troyka” formatında QHT-lərin əməkdaşlıq platformasının yaradılmasının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“QHT-lər tədbir məkanından kənarda da bir sıra tədbirlər təşkil etdilər. COP29 zamanı keçirilmiş dinc aksiyalar da Azərbaycan vətəndaş cəmiyyətinin rolunu və təsirini göstərib”.

Orphus sistemi