Avropa Parlamenti (AP) indiyə qədər bir dəfə də olsun real faktlar əsasında qətnamə qəbul etməyib.
Bu sözləri "Report"a Avropa Parlamentinin Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin azad edilməsi haqda qətnamə layihəsini şərh edən Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, avroparlamentarilər 30 illik işğalın nəticələrini, Ermənistanın müharibə cinayətlərini görməzlikdən gələrək, daha çox Azərbaycana qarşı iftira və böhtan kampaniyalarında xüsusi fəallıq göstərməyə üstünlük verdilər:
"Avropa Parlamentinin bütün qətnamələri islamofobiya, qərəz və ikili standartları özündə əks etdirib. Avropa Parlamenti bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə bilmir. Onlar dərk etmək istəmirlər ki, münaqişə artıq başa çatıb və bu gün “Dağlıq Qarabağ” adlı münaqişə və bu adda ərazi vahidi yoxdur. Avropa Parlamentinin bu cür qərəzli mövqeyi Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması ilə ziddiyyət təşkil edir. Bu qurum işğal dövründə olduğu kimi postmünaqişə dövründə də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir".

Deputat vurğulayıb ki, avroparlament bu dəfə vaxtı ilə Azərbaycanın tarixi torpaqlarında müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin müdafiəsinə qalxıb:
"Bu davranış beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir və açıq-aşkar müstəqil məhkəmənin işinə təsir etmək cəhdidir. Azərbaycan hərbi canilər üzərində məhkəməni bütün beynəlxalq standartlara uyğun keçirir.
Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycana qarşı münasibətin göstəricisidir. Təəssüf ki, Avropa Parlamenti bütün Cənubi Qafqaz regionuna Ermənistan maraqları prizmasından baxır. Ermənistanda Aİ Müşahidə missiyası, Avropa Sülh Fondunun Ermənistanın silahlandırmasına maliyyə ayırmaları, təxribatçı açıqlamalar da bu çirkin siyasətin tərkib hissəsidir".