Avropa Azərbaycanlıları Konqresi (AAK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Şəxsiyyət və zaman” mövzusunda video-formatda konfrans keçirib.
“Report”un məlumatına görə, tədbirdə AAK üzvləri, dost təşkilatların rəhbərləri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan və Türkiyənin deputatları, Avropa ölkələrində akkreditə olunan bəzi səfirlər iştirak ediblər.
Tədbiri Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov giriş sözü ilə açıb. O vurğulayıb ki, təşkilat üzvləri bu yaxınlarda işğaldan azad olunmuş bölgələrə səfər ediblər. S.Qasımov bildirib ki, bu gün Qarabağ azad olduğuna görə ulu öndərin ruhu şaddır.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz çıxışında ümummilli lider Heydər Əliyevin keçdiyi tarixi yola nəzər salıb, Sovetlər İttifaqının son illərində Moskvada tarixi çıxışını xatırlayıb.
Şamil Ayrım eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ulu öndərin müstəsna rolunu qeyd edərək bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycana qələbə gətirdi, Qarabağın öz sahibinə qovuşmasına səbəb oldu.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı isə öz çıxışında ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini deyib.
Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan tarixçi alim Musa Qasımlı Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkədə dövlət quruculuğu prosesinin yeni nümunəsinin yarandığını bildirib.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, ümummilli lider hər zaman Azərbaycan və ümumilikdə türk dünyasının mədəniyyətinə böyük qayğı ilə yanaşıb: "Heydər Əliyev böyük fikir adamı olub, daim görkəmli ədiblərimizin xatirə gecələrində iştirak edib, Azərbaycan ədəbiyyatına xüsusi dəyər verib".
Videokonfrans zamanı digər çıxışçılar da ulu öndərlə olan xatirələrini bölüşərək növbəti il Heydər Əliyevin 100 illiyinin xüsusi qeyd edilməsinin vacibliyini vurğulayıblar.
Sonda Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay vurğulayıb ki, 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü ulu öndərin xarici ölkələrdə yaşayan soydaşlarımızın birləşməsi üçün istiqamət verən ən böyük mirasdır.