Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün ATƏT Parlament Assambleyasının (PA) 60-a yaxın müşahidəçisi Azərbaycana gələcək.
Bu barədə "Report"a ATƏT PA-dan məlumat verilib.
ATƏT PA-dakı İrlandiya nümayəndə heyətinin rəhbəri Maykl Krid ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri funksiyalarını icra edəcək, ATƏT PA müşahidəçilər heyətinə isə Çexiyadan Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Baş Komitənin sədri Lüsiya Potuçkova rəhbərlik edəcək.
“Bu növbədənkənar parlament seçkiləri xüsusilə altı ay bundan əvvəl keçirilmiş növbədənkənar prezident seçkiləri və bu yaxınlarda baş tutacaq BMT-nin irimiqyaslı beynəlxalq tədbiri (COP29) nəzərə alınmaqla şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir”, - M.Krid bildirib.
Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Parlament Assambleyasının müşahidəçiləri seçkilərin demokratik prinsiplərə uyğunluğu, azad səsvermə prosedurunun təmin edilməsi, ədalətli seçki kampaniyasının keçirilməsi və digər məsələlərə nəzarət etmək üçün Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə sıx əməkdaşlıq edəcəklər.
“ATƏT PA-nın beynəlxalq müşahidəçilərdən ibarət nümayəndə heyətinə başçılıq etmək mənim üçün böyük şərəfdir, onun iştirakı qarşıdan gələn mühüm seçki prosesinin qiymətləndirilməsində beynəlxalq institutların fəal iştirakının sübutudur”, - L.Potuçkova əlavə edib.
Qeyd edək ki, Parlament Assambleyası 1995-ci ildən bəri on birinci dəfədir ki, ölkədə keçirilən seçkiləri müşahidə edir.