Güney azərbaycanlı fəal, siyasi mühacir, Günaz TV-nin qurucusu Əhməd Obalı bu gün tarixi Xudafərin körpüsünə ziyarət edib.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edərkən duyğusal anlar yaşadığını dilə gətirib.
“Təsəvvür edilməsi çox çətindir. Mən 42 il öncə suyun o tayından ayrılmışam. Uzun müddət ərzində çəkdiyimiz Vətən həsrəti çox çətindir”, - Ə.Obalı bildirib.
O qeyd edib ki, Xudafərin körpüsü Azərbaycan xalqını ikiyə bölmək üçün deyil, Arazın o tayı ilə bu tayını ayırmaq üçün deyil, əlaqələndirmək üçün inşa edilib:
“Bu körpü çayın sağ və sol sahillərini birləşdirir. Lakin, təəssüf edirəm ki, bu körpü indiyə kimi həsrət körpüsü kimi ad alıb. Amma, buna baxmayaraq, indi birlik körpüsü adı alacağına az qalıb”.
Əhməd Obalı uzun illər mühacirətdə olmasına baxmayaraq, heç bir zaman bu torpaqların birləşməsinə inamını itirmədiyini vurğulayıb:
“Biz hər zaman mübarizəmizi Arazın qanla doydurulan suyunun nurlanması, xalqımızın birləşməsi yolunda davam etdirdik və etdirəcəyik də”.
"Mən və mənim kimi milyonlarla soydaşlarımızın inamı budur ki, biz tezliklə illər böyük karvanları yol olan, insanların görüşməsi üçün istifadə edilən körpünün o tarımda da, bu tayında da Azərbaycan bayrağı dalğalanacaq. Buna kimsənin şübhəsi olmasın. Mən burdan soydaşlarımıza da səslənirəm ki, daha çətin və daha dəyanətli olsunlar", - o əlavə edib.