Yuxarı

Prezident yanında Apellyasiya Şurasının hüquq və vəzifələri müəyyənləşdirilib

İlham Əliyev Şuranın Əsasnaməsini təsdiqləyib

Bakı. 3 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, Əsasnamə sənədinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqanıdır.

Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qəbul etdiyi qərarından, qərarın qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Şuraya verdiyi yazılı müraciəti başa düşülür.

Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

Apellyasiya Şurasının vəzifələri sırasına mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər (onların səlahiyyətli nümayəndələri) tərəfindən verilmiş şikayətlərə baxılmasını təmin etmək; Şuraya daxil olan şikayətlər ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə yazılı qərar qəbul etmək; Şurada baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək; Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət etmək; Şuranın qəbul etdiyi qərarlarla bağlı izah vermək; Fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq; Qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən məlumatların qorunması üçün zəruri tədbirlər görmək; Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək daxildir.

Şuranın hüquqları sırasına daxil olmuş şikayətlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, fiziki və hüquqi şəxslərə sorğular vermək və onlardan belə məlumatları və sənədləri almaq; şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Şuranın iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq; Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək; Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq; Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı konfranslar və digər tədbirlər təşkil etmək, belə tədbirlərə rəhbərlik etmək; Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək və s. daxildir.

Şuranın tərkibi (sədri və digər səkkiz üzvü) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla, Prezident tərəfindən müəyyən edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi