2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı bölgədə 200 ilə yaxındır davam edən terrorizmə, separatizmə son qoydu. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə barışa bilməyən, radikal separatçı qruplar üzərindən regiona müdaxilə etmək imkanlarını qoruyub saxlamağa çalışan xarici dairələrin çoxillik ssenariləri tamamilə sıradan çıxdı.
Bu fikirləri "Report"a parlament seçkilərində 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən lider olan, VI Çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib. O qeyd edib ki, lokal antiterror əməliyyatı ilə ermənilərin Cənubi Qafqazda və daha geniş coğrafiyada uzun illərdən bəri yaratmaq istədikləri reallıqlar, bölgəni sümürmək üçün qurduqları planlar və ən əsası, istifadələrində olan geosiyasi təzyiq alətləri məhv edildi:
"Qondarma "erməni məsələsi" üzərindən, az qala, 100 ildir ki həyata keçirilən, milyardlarla dollar və avroyla ölçülən siyasi korrupsiya ilə müşayiət olunan lobbiçilik mexanizmləri əhəmiyyətini itirdi. Lokal antiterror əməliyyatları bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunmasına maneə yaratmağa çalışan və bu məqsədlə yüzminlərlə insanın faciəsinə yol açan, radikal separatizmdən faydalanmağa cəhd göstərən xarici oyunçuların planlarına ciddi zərbə vurdu və Azərbaycanın 44 günlük müharibə nəticəsində bölgədə yaratdığı reallıqları daha da mökəmləndirdi".
Bundan sonra qarşıda dayanan hədəflərə gəlincə, A.Kərimlinin fikrincə, hədəflər böyükdür və bu, təkcə azad edilmiş ərazilərdə həyata keçirilən layihələri və qayıdışı əhatə etmir:
"Qarabağın, Şərqi Zəngəzurun bölgəmizin, bütövlükdə isə Avrasiyanın iqtisadi mərkəzinə çevrilməsi istiqamətində ciddi addımlar atılır. Şübhə etmirəm ki, çox da uzaq olmayan gələcəkdə biz Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən yol xəritəsinin doğurduğu uğurlu nəticələrin şahidi olacağıq".
Qeyd edək ki, Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa edilib.