Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri demokratik prinsiplərə uyğun keçirilib.
“Report” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin deyib.
“Monitorinq əsasında belə qənaətə gəldik ki, Azərbaycanın bütün ərazilərində ilk dəfə keçirilən parlament seçkiləri demokratik prinsiplərə, seçki qanunvericiliyinə və ölkə Konstitusiyasına uyğun aparılıb”, - o bildirib.
Onun sözlərinə görə, MDB PA-dan seçkilərin gedişini Birliyin 6 ölkəsindən 40 müşahidəçi izləyib.
A.Yatskin əlavə edib ki, təşkilat nümayəndələri 145 seçki məntəqəsində seçkiləri izləyib, məntəqələrdə fəal və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradıldığını vurğulayıblar: “Bütün namizədlər bərabər imkanlarla təmin edilib”.
O vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində beynəlxalq və yerli müşahidəçilər üçün monitorinqlərin keçirilməsi üçün şərait yaradılmışdı.